Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
Cənab İlham Əliyev demokratik inkişafın milli modelini formalaşdırıb
Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən cənab İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.
Bütövlükdə demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla belə bir real tezis meydana çıxarır: son 15 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik tam modernləşən dövlətə çevrilib.
Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönələn siyasəti insan amili üzərində qurulub və bunun nəticəsi olaraq regionların inkişafına yönələn proqramlarda sosial təyinatlı obyektlərin tikilməsi, yenidən qurulması xüsusi diqqət mərkəzindədir.
Həmçinin, regionlarda idarəetmə işinin səmərəliləşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılması, yerli strukturların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması kimi faktlar həyata keçirilən siyasətin əhəmiyyətini göstərir.
Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, cənab İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".
Cənab İlham Əliyevin ölkə başçısı kimi 10 illik fəaliyyətinin pozitiv göstəricilərindən biri də qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımıza yüksək səviyyəli dövlət qayğısının təşkil edilməsi olub. 2003-cü ildə Azərbaycan Respublikasının prezident seçkiləri ərəfəsində "bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını" bildirən cənab İlham Əliyev verdiyi vədə əməl etdi. Ötən müddət ərzində çadır düşərgələri tamamilə ləğv edilərək məcburi köçkünlər üçün bütün infrastruktura malik olan yeni qəsəbələr salındı.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş səyləri, bu məqsədlə qəbul etdiyi qərarlar və həyata keçirilmiş proqramlar sayəsində işğal nəticəsində öz evlərini tərk etməyə məcbur olmuş insanlar arasında yoxsulluq həddi 5 dəfə - 75 faizdən 15 faizədək azaldı. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Bununla yanaşı, 2004-2012-ci illər ərzində 85,5 min nəfər məcburi köçkün işlə təmin edilib, 2331 nəfər peşə hazırlığı kurslarına, 1716 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub, 16 min ailəyə ünvanlı sosial yardım verilib. Həmçinin, cənab İlham Əliyevin prezident kimi fəaliyyətinin uğurlu nəticələrindən biri kimi on minlərlə qaçqın və məcburi köçkün ailəsi dövlət tərəfindən tikilmiş yaşayış üçün hər cür şəraiti olan yeni mənzillər aldı.
Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, siyasi mədəniyyətin yeni keyfiyyət ünsürləri ilə zənginləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təkmillik səviyyəsinin artırılması istiqamətində təməl strateji tədbirlərin görülməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, subyektlərarası simmetrik münasibətlərə real əlverişli zəmin yaradan plüralist mühitin möhkəmləndirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan siyasi sistemin tamlığını təmin edib. Məhz bunun da qanunauyğun nəticəsi kimi, demokratik tranzit yeni keyfiyyətdə davam etdirilib və onun mütləq komponentləri bərqərar olunub.
Sadalananları sübut edən başlıca faktlardan biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib.
Cənab İlham Əliyevin fəaliyyəti dövründə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində xüsusi işlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk" - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistemli işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bununla bağlı bildirib: "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik".
Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.
Həmçinin, cənab İlham Əliyevin siyasi kursunun qanunauyğun nəticəsi kimi, ölkəmizdə söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilib, o cümlədən dövlətimizin başçısı mətbuatın inkişafına, media nümayəndələrinin sərbəst fəaliyyətinə və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Əgər biz Azərbaycan mətbuatının son 10 ildəki inkişaf tarixinə nəzər salsaq görərik ki, dövlət milli mətbuatın inkişafı üçün əlindən gələni edib. Nəzərə alsaq ki, Azərbaycanda milli mətbuatın maliyyə əsasları bir qədər zəif və kövrək təməllər üzərində qurulub, o zaman 2008-ci ildə qəbul edilən "KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası"nın nə qədər əhəmiyyətli olduğunu görərik. Eyni zamanda, onu da qeyd edə bilərik ki, 2009-cu ildən başlayaraq siyasi təmayülündən, mövqeyindən, tənqidçi, təqdirçi və yaxud orta mövqedə olan hansı növ milli mətbuatı təmsil etməsindən asılı olmayaraq, gündəlik çıxan bütün qəzetlərə eyni məbləğdə yardım edilib. Bu isə, əlbəttə ki, Azərbaycan hakimiyyətinin siyasi iradəsi əsasında baş verib.
Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə olunması təşkil edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanda gənclər siyasətinin uğurları ilə yadda qalıb. Bildiyimiz kimi, gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Hər bir ölkənin gələcəyi gənc nəslin təhsil, fiziki və mənəvi sağlamlıq səviyyəsindən xeyli dərəcədə asılıdır. Heç şübhəsiz, Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi, onların şəxsiyyət kimi formalaşmasına lazım olan hər bir şəraitin yaradılması dövlət əhəmiyyəti daşıyan strateji bir məsələdir. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Dövlət başçısının gənclər siyasəti ilə bağlı imzaladığı proqramların əhatəliliyini, onların gənclərlə bağlı ən müxtəlif sahələrdə görüləcək işləri əks etdirməsini və yüksək səviyyədə icrasını nəzərə aldıqda, Azərbaycanda gəncliyə və gənclərə, həqiqətən də, böyük önəm verildiyi bir daha aydın olur.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Hər il olduğu kimi, ötən ildə də gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldırlar.
Beləliklə, sadalananlardan aydın olur ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin hamisidir. Bu səbəbdən də gənclər Azərbaycanın gələcək inkişafını məhz cənab İlham Əliyevin adı ilə bağlayırlar.
Vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin rasional daxili və xarici siyasət kursu sayəsində ölkəmizin milli təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb.
Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır. Bu istiqamətdə diqqəti XXI əsrdə xüsusi əhəmiyyət kəsb edən üç sahəyə-informasiya, su və ərzaq təhlükəsizliyinə yönəltmək istərdik.
İnformasiya təhlükəsizliyi İlk növbədə, informasiya təhlükəsizliyinin təmin olunmasının və bu sahədə maraqların müdafiə edilməsinin Azərbaycan təcrübəsi ilə bağlı qeyd edə bilərik ki, qloballaşma və beynəlxalq inteqrasiya şəraitində Azərbaycan informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirir. Dövlət siyasətində prioritet kimi müəyyənləşdirilən informasiya maraqlarının və təhlükəsizliyinin təmin edilməsi konseptual əsasda strateji məqsəd kimi müəyyən edilib. Əlbəttə, bu, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi sayəsində mümkün olur ki, bu istiqamətdə də sürətli tərəqqini şərtləndirən əhəmiyyətli tədbirlər görülməkdədir. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" qəbul edilib və burada inkişafın əsas strateji istiqamətləri təsbit olunub.
İnformasiya təhlükəsizliyinin əsas istiqaməti kimi beynəlxalq arenada informasiya hücumlarının qarşısının alınması, informasiya vasitəsilə və xüsusilə də, virtual platformada təxribat və neqativ təbliğatların neytrallaşdırılması, bütövlükdə, informasiya mübarizəsinin rasional və praqmatik surətdə təşkil edilməsi başlıca strateji vəzifələr qismində çıxış edir. Bununla bağlı Prezident İlham Əliyev qeyd edib: "İnformasiya mübarizəsi indiki şəraitdə hesab edirəm ki, prioritet məsələlərdən biridir. Biz internet və qloballaşma dövründə yaşayırıq və bütün müasir imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Onu da qeyd etməliyəm ki, Azərbaycanla bağlı olan bəzi informasiyalar, biz onu yaxşı bilirik, həqiqətə uyğun deyildir. Bəzi hallarda bəzi dairələr, - onların adını çəkmək bəlkə də mənim üçün yaxşı olmaz, onsuz da onları hamımız yaxşı tanıyırıq, - Azərbaycana qarşı böhtan, iftira kampaniyası aparırlar. Bunun da səbəbi var və burada, əlbəttə ki, təkcə erməni lobbisindən söhbət getmir, halbuki bu kampaniyanın arxasında daha çox onların qulaqları görsənir. Ancaq bütövlükdə biz bilirik, kim nə üçün nəyi yazır, hansı məqsədlə və nə vaxt. Əgər ölkəmizin həyatında və ətrafda gedən proseslərə nəzər salsaq görərik ki, artıq Azərbaycanla bağlı olan mənfi məlumat bölgədə gedən müəyyən vacib hadisələrlə uzlaşır. Bunu biz bilirik, görürük və buna qarşı mübarizə aparmalıyıq".
İkincisi isə su təhlükəsizliyinin təmin olunmasıdır ki, burada da kifayət qədər mühüm əhəmiyyət kəsb edən strateji xarakterli addımlar atılıb. Ümumiyyətlə, müasir dövrdə su təhlükəsizliyinin təmin olunması dövlətlər üçün kifayət qədər ciddi və prioritet məsələlərdən biridir. Azərbaycan dövlətinin gördüyü nəhəng işlərə bu kontekstdən yanaşsaq, onun təkcə bu gün deyil, dövlətimizin və xalqımızın gələcəyi baxımından da nə qədər böyük əhəmiyyət kəsb etdiyini daha yaxşı dərk etmiş olarıq. Bu istiqamətdə ardıcıl layihələrin həyata keçirilməsi qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bu günlərdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı bu kontekstdə xüsusilə qeyd edilməlidir.
Dövlətimizin başçısı İlham Əliyev də bu məsələyə toxunaraq deyib ki, bu layihələrin uğurla icrası tarixi bir nailiyyətdir: "Bu layihələrin icrası, eyni zamanda, ölkəmizin su təhlükəsizliyini də təmin edir. Bu məsələlərə də biz daim diqqət göstəririk. Çünki ölkəmizi qidalandıran əsas su mənbələri Azərbaycanın hüdudlarından kənarda formalaşır. Ona görə su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq strateji əhəmiyyətli bir məsələdir. Taxtakörpü su anbarının yaradılması ilə biz bu strateji hədəfə çatırıq. Bizim sularımız Kür çayından, Araz çayından, Samur çayından gəlir ki, bu çaylar öz mənbəyini başqa ölkələrdən başlayır. Beləliklə, su təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətli məsələdir və gələcəkdə hər bir ölkə üçün su ehtiyatları strateji dəyər olacaqdır.
Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan, xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur-Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir".
Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti bu kimi layihələri həyata keçirmək üçün hansısa dövlətə, maliyyə təşkilatına müraciət etmir. Azərbaycan dövlətinin güclü iqtisadi imkanları hesabına görülən bu işlər xalqımızın gələcəyinə xidmət edir.
Üçüncüsü ərzaq təhlükəsizliyinin təmin olunmasıdır ki, bu da cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin strateji prioritetləri sırasındadır. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü biruzə verir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu problem istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin təmin edilməsi istiqamətində diqqət yetirilməsi zəruri olan ən mühüm məsələlərdən birinə çevrilib. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda, ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası, kənd təssərrüfatının inkişafı, ümumilikdə, bütün sahə və istiqamətlərdə ardıcıl tərəqqi strategiyası uğurla həyata keçirilməkdədir. Onu da qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərini təşkil etməkdədir.
Ümumilikdə, dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyatı olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür və strateji hədəflər əldə edilməkdədir.
Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb.
Məhz Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Təbii resurslardan düzgün istifadə edilməsi nəticəsində ölkəmiz maliyyə imkanlarını genişləndirib. Bütün sahələr üzrə dinamik inkişaf göstəricilərinə nail olan Azərbaycan qarşıya çıxan maneələri aradan qaldırmaq gücündədir. Bu səbəbdən, respublikamız ən çətin vaxtlarda da kənar yardımlara ehtiyac hiss etmir. Bütün dünyanı iqtisadi böhran bürüdüyü zamanda Azərbaycan ciddi zərərə məruz qalmayan azsaylı ölkələrdən biri oldu. Kapital imkanları genişlənən ölkəmiz nəinki kənar yardımlara ehtiyac duymur, hətta özü də donor ölkə kimi çıxış edir. Bir sözlə, Azərbaycan, sözün əsl mənasında, özünü təmin edən dövlətdir. Bütün bu naliyyətlərin əldə edilməsi isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olub. Ona görə də 2018-ci il aprel ayında prezident seçkilərində xalqın yalnız bir seçimi oldu, İlham Əliyev.
Ənvər Seyidov
Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi
Baş direktor: Həsənov Ruslan Şamməd oğlu
Tel.: 050-448-68-84
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi