Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
30 Okt 10:50Medeniyyet
"NATƏVAN DƏMİRÇİOĞLU YARADICILIĞINDA EPİK-MİFOLOJİ SEMANTİKA" - İLHAMƏ QƏSƏBOVA
Ədəbiyyatşünaslığın bir elm kimi formalaşdığı zamandan etibarən “yazılı və şifahi ədəbiyyat”, “yazıçı və folklor” problemi hər zaman gündəmdə olmuşdur. Bu problemin tədqiqi isə, ilk növbədə, yazılı ədəbiyyatdakı folklor ənənələrinin müxtəlif aspektlərdən öyrənilməsini zəruri edir. Ədəbiyyatşünaslıqda folklor və ədəbiyyat əlaqələrinin öyrənilməsi son nəticədə iki fərqli baxış ətrafında cəmlənir:
ədəbiyyatda folklor ənənələrinə müraciət yazıçının bədii təsvir və ifadə vasitələrinin vahid sisteminə daxil olur, başqa sözlə desək, həmin vasitələrdən biri kimi çıxış edir;
ədəbiyyatda folklora müraciət fəlsəfi-etik kateqoriyadır.
Fikrimizcə, “folklor və yazılı ədəbiyyat” probleminin həlli yalnız o zaman mümkün olar ki, qarşıya bu sual qoyulsun və həmin suala cavab tapılsın - Yazılı ədəbiyyata folklor elementlərinin gəlişi kortəbii şəkildə baş verir, ya yazıçının əvvəldən qarşıya qoyduğu məqsədə xidmət edir?
Çağdaş Azərbaycan ədəbiyyatı da qaynaqları etibarilə folklor ənənələri ilə sıx bağlıdır, onun kökü üzərində intişar tapmışdır. Azərbaycan nəsri şifahi ənənədən xalq həyatının etnoqrafik təsvirini, xalq yumorunu, rəvan təhkiyəni, obrazlı deyim tərzini bəhrələnmişdir ki, həmin bəhrələnmə prosesi hər zaman alim və tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Hələ ötən əsrin 70-ci illərində akademik M.Arif yazırdı: “Azərbaycan nəsrinin bəhrələndiyi ən mühüm qaynaqlardan biri xalq ədəbiyyatıdır. Azərbaycan xalqının ədəbi ənənələrinin inkişafı da özünəməxsus bir varislik yolunun aparıcısı kimi diqqəti cəlb edir. Onun başlıca mahiyyətinin dərinliklərində isə zəngin folklor ənənələri aydın nəzərə çarpmaqdadır”.
Bədii yaradıcılığa başlayan hər bir yazar çalışır ki, ilk hеkayələrindən еtibarən öz yazıçı üslubunun kоnturlarını cıza bilsin. Azərbaycan poeziyasında obraz yaratmaq, obrazın dili ilə danışmaq, onların xarakterini olduğu kimi oxucuya təqdim etmək, psixoloji durumları ilə bağlı müəyyən halları yaratmaq müəllifdən böyük məharət tələb edir. Bədii ədəbiyyatda hər müəllifin öz dili, öz üslubu olmalıdır. Öz üslubu ilə seçilən, psixoloji səpgidə əsərləri ilə tanınan, 90-cı illərin ədəbi nəslinin nümayəndələrindən biri də Natəvan Dəmirçioğludur. Natəvan Dəmirçioğlu yaradıcılığa erkən yaşlarından başlasa da onun ilk nəsr kitabı 2006-cı ildə oxuculara təqdim edilib. Onun yaradıcılığında povest və hekayələr üstünlük təşkil edir. Yuxarıda haqqında söhbət açdığımız “folklor və yazılı ədəbiyyat”, “yazıçı və folklor ənənələri” problemi Natəvan Dəmirçioğlunun “Səbət”, “Yetim”, “Üç nöqtə”, “Kəlağayı”, “Avey əfsanəsi” kimi povest və hekayələrində daha da aktuallaşır və ön plana çıxır. Natəvan Dəmirçioğlu çağdaş dönəmin elə yazıçılarındandır ki, ədəbi prosesə yad deyil, həmin prosesin içində formalaşıb. Onun yaradıcılığı isə müasir ədəbi tənqidinin korifeyləri tərəfindən artıq öz layiqli qiymətini alıb. Akademik Nizami Cəfərovun fikrincə, Natəvan xanımın yaradıcılığı “ədəbiyyatımızın bu günü ilə bağlı bədbin və bədxah olanlara dəyərli cavabdır”.
Professor Rüstəm Kamal isə Natəvan Dəmirçioğlu əsərlərini belə qiymətləndirir: “Məni Onun yazılarının iç məntiqi, süjet qanunauyğunluğu maraqlandırır. Məni Natəvan Dəmirçioğlu adlı bir yazıçı xanımın epik təcrübəsini bölüşdürmək qabiliyyəti və təhkiyə söyləmə sənəti cəlb etdi”.
Natəvan Dəmirçioğlunun yaradıcılığını sadəcə bir (və Birinci!) kitabı əsasında təhlil etdikdə bu xanımın bütövlükdə folklordan, xalq mənəviyyatından, milli ruhdan gələn bir ədib olduğunu müəyyənləşdirə bilərik. Folklor, xalq ruhu onun yaradıcılığının əsas nüvəsini təşkil edir. Bu kitaba salınmış hər əsər Natəvan Dəmirçioğlunun etnoqrafik duyumunu, xalq psixologiyasının bilicisi olduğunu sərgiləyir.
Hər bir yazıçının əsərlərində folklor ənənələrinin təzahür formaları müxtəlif olur. Bəzən xalq yaddaşı, milli kimlik əsərin üst qatında olur, “gözlə görünür”. Bəzən isə maddi-mənəvi dəyərlər və bu dəyərlərə bağlılıq gizli olur, görünməz qata keçir. Bu zaman oxucu həmin ənənəni və folklor ənənəsindən gələn o işığı qəlbi ilə duyur və “hiss edir”.
Natəvan Dəmirçioğlu kitabına “yuxu”larından başlayır: “Uşaq vaxtı yuxularımda hey uçurdum. Dağların, dərələrin, böyük suların, uçurumların, şəhərlərin üstündən uçurdum. Bir – iki dəfə xalama dedim ki, yuxularda uçuram, qorxuram. Dedi: “Qorxma, böyüyürsən, onnandı””. Bu “yuxu” tapmacası özü də folklordan gəlməyibmi? Oğuz igidlərinin, Dədə Qorqud qəhrəmanlarının “kiçik ölüm” adlandırdıqları, xalq hafizəsində minlərlə, milyonlarla yozumu olan, dünyanın ən kamil alimlərinin də sirrini çözə bilmədiyi “yuxu” sehri Natəvan xanımın folklor ənənəsinə bağlılığının göstəricisidir. Kitabın bu sətirlərlə başlaması bütövlükdə kitabdakıların folklor ruhu ilə yoğrulduğuna işarədir. Folklor ənənəsindən gələn yuxu metaforası kitabın ilk misralarından başlayaraq bütün yaradıcılığı boyu rastımıza çıxır. Bu da təsadüfi deyildir. Çünki, prof. R.Kamalın doğru qeyd etdiyi kimi, yuxu “həm keçmişi, gələcəyi, həm də dərkolunmaz hüdudları əhatə edir və yaradıcılıq enerjisinin (təxəyyülün) özünüifadəsidir. Natəvan xanımın etik yaddaşı yuxularda özünü büruzə verir. İnsan ömrünün mənasını və obrazını anlamaq üçün yuxu ən gərəkli vasitədir. YUXU – RUHUN YADDAŞIDIR”.
Folklordan gələn bu “yuxu” konsepti bütün əsərlərinin başlıca vasitəsinə çevrilir. Yazıçının qəhrəmanları mütləq şəkildə yuxu görür və bu yuxugörmə əsərin başlanğıcında bir süjet zavyazkası rolunu oynayır. Gəlin fikir verək: Yuxarıda verdiyimiz, “Birinci” kitabda ön söz əvəzinə verilən “Yazardan qısa bir yazı”dan başqa “Üç nöqtə” povestinin başlanğıcı – “Hövlnak yuxudan ayıldı” cümləsi ilə başlayırsa, “Boğuluram, qardaş, boğuluram. Birdəfəlik boğulmağa nə var ki. Mən gündə neçə yol boğuluram.......Heç olmasa dəhşətli bir yuxunu söyləyib yüngülləşən kimi deyib yüngülləşməliyəm. Canımı qurtarmalıyam bu qanlı yuxudan...” parçası ilə təhkiyə davam edir.
“Yetim” povestindəki yuxular da maraq doğurur: “Uzaqdan Quran səsi gəlirdi. Yetim evdəydi. Yata bilmirdi. Bir də onu bilmirdi ki, sabah kənddə onu hansı xəbər gözləyir.
Səhərə yaxın gözünə yuxu getdi. Səhər yuxusu şirin olur. Bir yndan da beyni yorulmuşdu. Daş kimi yatmışdı”.
Bədii əsərdə folklor ənənələrinin aşkar təzahür formaları da müxtəlif vasitələrlə müəllif ideyasını əks etdirməyə xidmət edir. Bu vasitələr müəllifin milliliyindən, xalqa bağlılığından asılı olur. Bəzi yazıçılar folklor ənənələrinin təzahür formaları kimi folklor obrazlarını əsərlərinə gətirirlər. Natəvan Dəmirçioğlunun bu kitabda toplanmış əsərlərində mifik obrazlara, dərvişə (özü də gəzərgi dərvişə), xüsusilə qarı obrazına rast gəlinir.
“Yetim” povestindəki qarı belə təsvir olunur: “Allah, Allah! Bu nədi?
Ağappaq yorğan – döşəyin içində qupquru qol boyda arvad! Çox şeyin qurusunu görmüşdü. İnsan qurusuydu bu, durmuşdu qabağında.
Qarını büküb beş yaşlı uşağın qucağına vermək olardı”
“Səbət” povestindəki qoca nənə obrazı da öz monoloqları ilə yadda qalır. Qəhrəmanın “bu yekəliyində səbəti neynirsən, ay xala?” sualına
“- Neyniyəcəm? Ömrümü- günümü daşıyıram bunda” – deyə cavab verir.
“- Nə satırsan?
- Heç nə. Günlərimi....”
Sözügedən əsərdə başqa bir qarı obrazı da vardır: “...Yaddaşında bir ocaq közərdi. Beli əyilmiş qoca nənəsi əlindəki kösövlə sönmüş ocağı qurdalayır, üfürür, yandırmaq istəyirdi. Bir ağzı da nəvəsini oxşayırdı: “Bunu verənə şükür. Balamın balası balımdır, baldan şirinimdir, oğlumdur, noğulumdur. Beş qızın üstündə bunu verən özü saxlasın. Göydən səbətlə düşüb bu balam” .
Yazıçının bu qarı obrazları, heç şübhəsiz folklordan gələn müdrik qoca arxetipinin fərqli-fərqli təzahür formalarıdır.
Dünya mədəniyyəti və ədəbiyyatında mifik obrazların ölməzliyi həm də yazıçı və şairlərin əsərlərinə bədii obrazların gətirilməsi yolu ilə gerçəkləşmişdir. Təsadüfi deyil ki, XX əsr ədəbiyyatşünaslığında ən nüfuzlu cərəyanlardan biri də mifoloji obrazların semantikasıdır. Azərbaycan ədəbiyyatşünaslığında mifoloji obrazlar bədii ədəbiyyatda M.S.Ordubadi, C.Məmmədquluzadə, Y.V. Çəmənzəminli, M.Ə.Sabir, A.Şaiq, Ə.Haqverdiyev, C.Cabbarlı, S.Vurğun və başqa sənətkarların əsərlərində özünü göstərmişdir. Folklor mətnləri bir çox ədiblərin yaradıcılıq mövqeyi olmuşdur. Bildiyimiz kimi, bu vasitə ilə Azərbaycan ədəbiyyatında günümüzə qədər bənzərsiz obrazlar yaradılmışdır.
Natəvan Dəmirçioğlu yaradıcılığında əks olunmuş belə obrazlardan biri şeytan obrazıdır. Yazıçı şər qüvvə kimi neqativ planda yer alan şeytan obrazından yararlanaraq cəmiyyətdəki şeytanlaşma prosesini və bu prosesdə qəhrəmanının mövqeyini təqdim edə bilmişdir: “Çırağın zəif şöləsi titrədi, azca his verdi, his havada buruldu və düz Onun qabağında “oturdu”.
Necəsən?
Lənət sənə! Sən işıqda da gizlənə bilərsən?
Haaaaaah....haaaaah.......haaah.... Niyə də yox?
Off.. – qələmi yazılmış, bəzi yerləri pozulub qaralanmış bir yığın kağızın üstünə atdı. – Allah sənə lənət eləsin. Amma yaxşı ki gəldin, səninlə söhbət....
Sözünü kəsdi:
Yaxşı ki gəldim? – Yenə qəhqəhə çəkdi. – Nədən ölüm arzulamırsan mənə? Bütün bəşəriyyət mənə ölüm arzulayırkən....”
“Yetim” povestində qəhrəmanın şeytanla bu dialoqu Hüseyn Cavidin məlum və məşhur əsərindəki dialoqları xatırladır. Bu “söz savaşında” bir çox mətləblərə işıq salınır. Şeytana kim qalib gəlir və kim ona məğlub olur - əsas məsələ budur:
“- .....Ən güclü insanların qarşısında məğlubsan.
Var eləsi? Bəlkə barmaqla sayasan!
Əlbəttə, var. Barmağım o qədər yoxdu.
Səssizlik.
Ən güclü insan nəyə deyirsən?
Elmli, ağıllı, səbrli, təmiz və halal adamlara. Bu beş ünsür birləşən adamların qarşısında sən yox kimisən”
Maraqlıdır ki, povestin qəhrəmanı ilə şeytanın bu “söz savaşı” şeytanın məğlubiyyəti ilə bitir (“Büzüşüb yazıqlaşdı.”).
Bədii əsərdə təbiət hadisələrinin təsviri də xalq ədəbiyyatından, xalq həyatını duymaq qabiliyyətindən irəli gəlir ki, N.Dəmirçioğlu yaradıcılığında buna gözəl nümunələr tapmaq mümkündür. Yazıçı nəinki təbiət hadisələrini təsvir edir, hətta onların rəngini verməyə çalışır və çox maraqlı alınır. “Səbət” povestini yazıçı maraqlı bir girişlə başlayır: “Dünya nə süd-abı rəngdə idi, nə cəhrayı. Nə aylı ulduzlu gecəydi, nə qızmar günəşli gündüz. Hər yan nə başdan başa su idi, nə quru. Dünya doğuş üstündəki qadının ağrısını çəkirdi. Bu varlığın əzəl ağrısıydımı, son ağrısımı? Nə idisə, dəhşətli bir ağrı idi. Dişləri kilidlənir, qulaqları güyüldəyirdi ağrıdan. Birdən apaydın, güclü bir səs işıq kimi bürüdü hər yanı. “Ol!”-dedi O SƏS. Və dünya saçlarını üzünə çəkdi. Doğuşdan sonra qadın, üzündə ləkə qalmasın deyə, saçlarını üzünə çəkdiyi kimi”.
Bu, sadəcə bir bədii əsərin girişi deyil, mifik təfəkkürün, dünyanın yaranışı, kosmosdan əvvəlki xaosun, dünyanın yaradılış mifinin bədii-poetik əksidir. Bir abzasa ilk insanlar (İnsanın birincisi, ikincisi günah eləmişdilər.) və dünyanın yaranması (Birdən apaydın, güclü bir səs işıq kimi bürüdü hər yanı. “Ol!”-dedi O SƏS.) haqqında dini-mifoloji görüşləri, ilk insanın cənnətdən qovulması mifini (Nəfsə uyub (lənət şeytana) şeytanı sevindirmişdilər. O gün qovulmuşdular Tanrının bircə addımlığından ), İslam mifologiyasını (Tanrı hərdən qəzəblənsə də bağışlayandı), nəhayət adi bir məişət inancını (Doğuşdan sonra qadın, üzündə ləkə qalmasın deyə, saçlarını üzünə çəkdiyi kimi) sığdırmaq müəllifin məharətini göstərir.
Sözügedən “Səbət” povestdəki mifik lay yuxarıda sadaladıqlarımızla bitmir, əksinə əsər başdan-başa dini-mifoloji təsəvvürlərin real-gündəlik həyata toxunmasından ibarətdir. N.Dəmirçioğlunun povesti İsrafilin Suru (Başındakı çalmanı su aparmasın deyə əli ilə tutan zarıdı: “Sur çalınsa batdıq....”), Nuhun tufanı (Böyük dalğalar təzədən hücum elədi. Su qurşağa çıxdı. Tufan uğuldadı), İsmayıl qurbanı (Qoç mələdi... Qoç mələdi və hamının səsi kəsildi), Kitabla (Gələnin əlində kitab vardı. Kitabı kəlağayının üstünə qoydular. ) tamamlaması da çox məntiqi səslənir və əsərə bir bədii bitkinlik verir.
Professor Pərvanə İsayeva yazır: “Müasir Azərbaycan ədəbiyyatşünaslığında geniş və dolğun elmi həllini gözləyən vacib problemlərdən biri milli ədəbiyyatın miflə qarşılıqlı münasibətlərinin nəzəri, tarixi-ədəbi aspektlərdə tədqiqidir”.
Doğrudan da, bədii ədəbiyyatdakı bu cür mifoloji aspektdə yazılmış əsərlərin elmi dövriyyədə təhlili aparılmalıdır. Həmin təhlildə əsas yerlərdən birini əsərdə yaradılmış mifoloji obrazların aşkarlanması və ya ilk baxışdan adi görünən obrazların mifik səviyyəsini, alt qatını üzə çıxarılması tutur.
Akademik N.Cəfərov yazır: “Türkün mifoloji düşüncə tərzi, Türkün etnoqrafik yaddaşı, İslam dinindən əvvəlki ilkin Türk dini –Tanrıçılq görüşləri, aydın dil, yaddaşda qalan obrazlar -90-cı illər ədəbi nəslinə mənsub Natəvan Dəmirçioğlunun yaradıcılığında bunları gördüm”. Obrazı yaratmaq, onun dilini aydın və yaddaqalan vermək yazıçıdan böyük məharət tələb edir. Ümumiyyətlə, bədii ədəbiyyatın ən böyük missiyalarından birincisi obraz yaratmaqdır. Obraz əslində hər bir insanın simasında xarakterli olaraq vardır. Ancaq bunu ədəbiyyatda canlandırmaq, sözün əsl mənasında yaratmaq yazıçının öhdəsinə düşür. Natəvan Dəmirçioğlunun əsərlərində hər hansı etnoqrafik detal obraz səviyyəsinə qalxa bilir. Bu etnoqrafik detal xüsusilə türk təfəkkürünə xas olursa, yazıçı əlində maraqlı bir təsvir vasitəsinə çevrilə bilir. Necə ki, kəlağayı yazıçının demək olar ki, bütün əsərlərinə gətirilir. “Yetim” povestindəki kəlağayı qəhrəmanın sevinc və dərd ortağıdır. Ailəsinin, elinin-obasının bütün xeyir və şər işlərində sahibi ilə birgə mütləq şəkildə iştirak edir və bu el yiğnaqlarının ayrılmaz atributuna çevrilir: “kəlağayı doqqazın eşik tərəfində, mafənin üstündə yellənirdi. ... Neçə yas görmüşdü bu baş örtüyü. Yiyəsinin ağladığı qədər duzlu göz yaşı udmuşdu ucları. Rəngi qara, üstündə ağ xalları. Tayı da vardı. Ağ üstündə qara xalları. Bu nə qədər yas görmüşdüsə, o da bir elə toy görmüşdü. Yiyəsi hər ikisindən..... .”.
Həmin etnoqrafik detalı, yəni kəlağayını yazıçının digər bir əsərində də müşahidə edirik: “İşıq düşdü. Birinci yazdığı kağızları kəlağayısına büküb sinəsinə basmış qadın gördü onu. İşığı tanıdı. Salavat çevirdi. Gözləri doldu. Kəlağayını açıb sərdi. Gələnin əlində Kitab vardı. Kitabı kəlağayının üstünə qoydular”. “Səbət” povestində epizodik şəkildə səhnəyə gələn kəlağayıya aşılanmış məna yükü çox ağırdır. Əvvəla, bu kəlağayı bir qadının əlindədir. Kəlağayıya kağızlar bükülüb. Həmin qadın heç kəsin görə bilmədiyini görür. Demək, bu qadın da adi adamlardan deyil, seçilmişdir. Maraqlısı isə sonra baş verir. Bu kəlağayının missiyası nə başa bağlanmaq, nə də kağız bükmək deyil, həmin kəlağayının üstünə KİTAB qoyurlar. Bununla da hər şey məlum olur. Natəvan Dəmirçioğlu üçün kəlağayının missiyası KİTABı qorumaqdır.
Amma iş bununla bitmir. Yazıçıya görə, bu baş örtüyünün, bu etnoqrafik detalın milli-mənəvi dəyərlərlə bağlı missiyası da var axı və bu missiya kəlağayının ən ali missiyası sayıla bilər. Diqqət edək: “Sovet hökuməti» bizim buxara papağımızı, kəlağayımızı, sazımızı, atımızı, hələ silahımızı demirəm, onu tamam aldı. Amma bu dörd şeyi bizdən qopardı. Çünki bu dördü ilə biz özümüzə çox oxşayırıq. Buxara papaq qeyrətdi, kişilikdi, kəlağayı xanımlıqdı, saz ruhdu, at da namusdu, hünərdi. Bunlar bizdə var. Bunlar Azərbaycan türkünün özününküdür. Dalınca getdiyimiz, yelinə uçduğumuz millətlər var – ruslar, avropalılar, amerikalılar - onlarda da çox üstünlüklər var, lap elə at da var. Amma bizdə olan elə dəyərlər var ki, onlarda min il bundan qabaq olmayıb, min il bundan sonra da olmayacaq. Onda get də qabağa çat Avropaya, Amerikaya - kim sənə deyir getmə. Amma olanlarını itirmə. Olanlarınla sən özünsən. Qaynayıb-qarışıb itməyəcəksən millətlər arasında. Özünün olanları yeni eləməyi, çağdaş eləməyi bacar!".
Bu da yazıçının obrazlarının dili ilə gizli şəkildə deyil, aşkar söylənənən yaradıcılıq kredosudur. “Kəlağayı” hekayəsindən misal çəkdiyimiz bu hökmlər sanki gələcək nəsillərə bir çağırış kimi səslənir. Gördüyümüz kimi, bu etnoqrafik detal yazıçının bir hekayəsinə ad verərək onun əsas obrazına çevrilir.
Natəvan xanımın əsərlərində epik təhkiyə vahidləri olduqca zəngindir. O obrazların dili ilə təhkiyə söyləyə bilir. Natavan xanım obrazı yaradır, yaratdığı kimi də oxucusuna qəbul etdirə bilir və obrazın özündə böyük bir manevr edə bilir. Bəzən heyran qalırsan qələmin gücünə, sonra da düşünürsən ki, bu artıq yazıçının istedadının gücüdür. Qələm sadəcə istedadı köçürməklə məşğul olur.
Natəvan xanımın əsərlərində psixologiya və fəlsəfi baxışlar olduqca çoxdur. Oxucu əsərlərdə qısa, lakin olduqca mənalı və düşündürücü cümlələrə rast gəlir. “Səbət” əsərində elə ilk başlıqda oxuyuruq: Göylərin ağappaq sinəsi süd-abı rəng alırdı. Elə bil körpəli qadının südü sinəsinə dağılır, Yer beşik kimi yırğalanır...Yaradan yaratdıqlarına baxır...Yerdəkilər süddən kəsilən uşaq kimi böyüyüb. Daha süd onlara gərək deyil. Daha hər şey yeyirlər. Mundarı təmizə qatıblar. Beşiyə oxşayan yırğalanır...tanrı yırğalanan dolu səbəti tanıyır”. Öncə göy üzünü qadına bənzətmələr, sonra göylərin sinəsindəki abı rəngi qadın südünə bənzətmə, daha sonra Yerin beşik kimi yırğalanması - buradakı təsvir bir anlıq həm dolaşıq fikirlər yaradır, həm də düşündürücü. Müəllifin bənzətmələri olduqca yerində və mənalıdır.
Cəmiyyətin güzgüsü sayılan ədəbiyyat həm də onun barometri hesab edilir. Bu baxımdan Natəvan Dəmirçioğlunun yaradıcılığındakı obrazlar cəmiyyətə mənəvi-psixoloji təsir, müsbət aura verir. Ədəbiyaytşünaslıqda bir çox mənəvi dəyər erroziyaya uğradığı üçün milli gələnəklərin bayağılaşdığı bir zaman kəsiyində belə əsərlərə, böyük ədəbiyyatın sözünə ehtiyac çoxdur.
Hər bir yazarın üslubu onun ruhu ilə bağlıdır. Bir sözlə, bu xanım yazarın özünəməxsus ruhu olduğu kimi, özünəməxsus üslubu da var. Bu üslub onun folklorla, xalq həyatı ilə yaxından bağlılığı ilə səciyyələnə bilər. Necə ki, onun əsərində maraqlı bir folklor faktına rast gəlirik. Bu Qazax aşıq mühitinə xas olan “qım qımalar”ın yazılı ədəbiyyata, konkret olaraq bədii nəsrə gətirilməsidir. Yazıçının qəhrəmanı çətin anlardan birində xalq yaradıcılığına xas “qım qımalardan” məharətlə istifadə edərək vəziyyətdən çıxış yolu tapır: “ .... Erməni qızılı tez gizlədir və deyir:
- Ara, amma danışmax olmaz. Başına pırlanım, balalarımı ac qoyma. Uşağa bax, çıx get.
Kişi deyir:
-O, mənim nəvəmdi. Dizimin üstündə yekəlib. Mən ona balacalığında qım-qıma oxuyardım. Onu oxuyacam, qorxma, söz demiyəcəm.
Erməni nəvəni gətirir, kişi kötüyün üstündə oturubmuş. Çəliyinə döyəcləyə-döyəcləyə oxuyur:
-A bala, miskər bizdə qazan qayırır,
Dan, daranq, dan, dan, dan.
Yaxşını pisdən, dəmiri misdən ayırır,
Dan, daranq, dan, dan, dan.
Atana adı qoyulan Nusrət bəy sözü havada tutur. Deyir “ey dili-qafil, babam deyir “Dan” . Yoxsa nə miskər, nə qazan söhbətidir. Demək, mən bu işi danmalıyam, boynumdan atmalıyam.
Burada əsər içində həm bir rəvayət var, həm də canlı hadisələri əks etdirən rəvayət.
“Birinci” kitabda folklor, xalq yaradıcılığı yalnız yuxarıda sadalanan obraz ve detallarla təzahür etmir. Yazıçının əsərlərinin dili başdan-başa xalq müdrikliyi, xalq hikmətidir. Bu hikmət obrazların danışıq tərzindən tutmuş, xalq inanclarına, rəvayətlərə, atalar sözü və məsəllərə qədər uzanır.
Məsələn, qəhrəmanların nitqində rast gəlinən kəlmələrə nəzər yetirək: -Di gəl ki, dəng elədin, qalnısaydı, əng, qurcuxdu, arıtladı, di gəl-di qaç, əriş-arğac, səngidi, boylu, doqqazın eşik tərəfi, qanıdamanı, kənd yiyəsi, ağca-ağca günlər, yüyrük, toxtamaq, oturuşmuş, perik salmaq, və s.
Natəvan Dəmirçioğlunun əsərləri sanki Azərbaycan xalqının inam, sınama və inanclarının ensiklopediyasıdır: Deyir çinar ağacı yarpağını aşağıdan tökəndə qış sərt gəlir; Dur, dar vaxtıdır. Vaxtın ağırlığı tökülür bu zaman yatanın üstünə. Dur da. Həm də bu vaxt yatan adamın xeyir-bərəkəti qaçır. Bu vaxt ruzi gələn vaxtdır; Qaynanasından eşitmişdi ki, boş qab uğursuzluq gətirər; Göz kəsməyəni heç nə kəsməz; Verdiyinə qurban olduğum Tanrı da deyir: “Mənim gözdən xəbərim olmur, özünüzü qoruyun”; Nənəm təzə aya baxanda salavat çevirərdi həmişə. Rəhmətlik nənəsi bir də deyirdi ki, “təzə” aya baxıb gözünüzü çəkəndə yaxşı şeyə baxın. Nəyə baxsanız ayınız, iliniz, ömrünüz, gününüz baxdığınıza oxşayacaq; Doğuşdan sonra qadın, üzündə ləkə qalmasın deyə, saçlarını üzünə çəkdiyi kimi; Deyir üzərlik köməkdir, bil ki, köməkdir. Başına duz fırayıb suya atmaq qoruyur, bil ki, qoruyur. Bir də özündən xoşun gələndə “şeytana lənət” de və s.
Yazıçının yaradıcılığında xəlqi koloritin əsas qaynaqlarından biri kimi el deyimləri, alqışlar və qarğışlar çıxış edir : Min dərdin min bir dərmanı var; Təkcə ölümə çarə yoxdur; Bir yurdu olan, bir də yurdunda qalan öyünsün; Qız evinin qapısı alçaq olar, girəndə də, çıxanda da kişinin başına dəyər; Üzünə daş yamansın; Gözün çıxsın, göz yiyəsi; Yer haqqı, Göy haqqı Tanrı qadınların ahını götürmür; Allah səni göylər kimi dirəksiz saxlasın; El içində,öl içində və s.
Çağdaş Azərbaycan ədəbiyyatının məhsuldar nümayəndəsi Natəvan Dəmirçioğlunun yaradıcılığına etdiyimiz bu bədii-estetik ekskurs bizə o qənaətə gəlməyə əsas verir ki, folklor yazılı ədəbiyyat üçün hər zaman tükənməz bir xəzinə olmuşdur. Yazıçının yaradıcılığının tədqiqi ilə biz məqalənin girişində verdiyimiz suala cavab tapdıq. Natəvan Dəmirçioğlu məhz o yazıçılardandır ki, folklor ənənələri onun əsərlərinə öncədən, düşünülmüş şəkildə gəlməyib, MİLLİ KİMLİK, MİLLİ ÖZÜNÜİFADƏ, MİLLİ YADDAŞ həmin əsərlərin ruhunda və canındadır.
İlhamə Qəsəbova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi