Sorğu
Оцените работу движка

30 May 12:20Siyaset / Olke

Dörd rayonun icra başçısının büdcə xərclərini gizlətməsi üzə çıxdı...

Dörd rayonun icra başçısının büdcə xərclərini gizlətməsi üzə çıxdı...

Azərbaycanda bir-birinin ardınca həbs olunan icra başçılarının külli miqdarda var-dövlət topladıqları aşkara çıxarılır.

Onların hamısı təxminən eyni sxemlə qanunsuz gəlir əldə edirlər: dövlət büdcəsindən ayrılan vəsaitləri təyinatından yayındırmaq, rayonda fəaliyyət göstərən iş adamlarını soymaq, rayonun müxtəlif dövlət idarələrindən “haqq” toplamaq. Aşkarlanan faktlar göstərir ki, rayon icra hakimiyyəti orqanlarının fəaliyyətində çox ciddi şəffaflığa ehtiyac var. Məhz şəffaflıq yolu ilə icra başçılarının tamahının qarşısını almaq, onların qanunsuz iddialara düşməsini önləmək mümkündür.

Hazırkı şəraitdə Azərbaycanın bölgələrində yaşayan əhali üçün dövlət idarəetmə orqanlarının, həmçinin ictimai xidmətlər göstərən müəssisələrin fəaliyyəti ilə bağlı ictimai əhəmiyyətli informasiyalar əldə etmək son dərəcə ciddi problemdir. İcmalar onların təhsili, sağlamlığı, istifadə etdiyi infrastrukturun saxlanması üçün planlaşdırılan və faktiki xərclərin həcmi barədə açıq mənbələrdən məlumatlar tapmaqda çətinlik çəkirlər.

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, yerli strukturların öz fəaliyyətinə dair hesabatları ya ümumiyyətlə yoxdur, ya da həmin hesabatlarda vətəndaşlar üçün zəruri olan informasiyalar yetərli səviyyədə deyil:

“Əhalinin qərarların qəbulu və icrası ilə bağlı proseslərdə iştirakı təmin edilmir və nəticədə onlar qurduqları ünsiyyət sayəsində də məlumatlar əldə etmək imkanını itirmiş olurlar. Bu cür məlumat qapalılığı və qeyri-şəffaf fəaliyyət istər yerli icra hakimiyyətlərinə və bələdiyyələrə, istərsə də ictimai xarakterli sosial və kommunal xidmətlər göstərən müəssisələrə aiddir.

Paytaxtda medianın və vətəndaş cəmiyyətinin daha fəal və peşəkar, cəmiyyətin daha aktiv olması mərkəzi hakimiyyət orqanlarının fəaliyyəti barədə məlumat almaq istiqamətində təşəbbüslərin çoxluğu ilə müşahidə edilir. Lakin bölgələrdə problem daha kəskindir. Fəal və peşəkar vətəndaş cəmiyyətinin, həmçinin medianın məhdudluğu yerli səviyyədə icmaların ictimai məlumatlara çıxışını daha da çətinləşdirir. Ən müxtəlif kanallar vasitəsilə regionlara yönələdilən investisiyaların həcmi və strukturu, investisiya qoyuluşları hesabına bölgələrin əldə etdiyi səmərə, büdcə və büdcədənkənar fondlar vasitəsilə bölgələrə ayrılan xərclər və həmin xərclərin strukturu, müxtəlif hökumət proqramlarının icrası üçün istifadə edilən resurslar, bölgələrdə mövcud olan ictimai və kommunal xidmət müəssisələrinin fəaliyyətinin nəticələrini əks etdirən statistik göstəricilərlə bağlı informasiyalar kifayət qədər qapalıdır”.



Bu qapalılığı qiymətləndirmək üçün İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən 8 istiqamət üzrə 37 indikator müəyyən edilərək onlar üzrə Mingəçevir, Xaçmaz, Bərdə və Yevlax rayonlarında tədqiqat həyata keçirilib. Məlum olub ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin internet səhifəsində dövlət idarəetmə orqanlarının saxlanması xərcləri və onların stukturu, icra hakmiyyəti vasitəsilə ərazinin abadlaşdırılması üçün xərclərin məbləği barədə məlumatlar yerləşdirilmir, başqa rəsmi informasiya mənbələrində də bu məlumatlar ictimaiyyət üçün əlçatan deyil. Mingəçevir ŞİH-nin saytı mövcud olsa da, idarəetmə xərcləri barədə hər hansı informasiya açıqlanmır.

Yalnız şəhər icra hakimiyyətinin nəzdində olan ayrı-ayrı icra nümayəndəliklərinin ildə bir dəfə ictimaiyyət üçün keçirdikləri canlı hesabat yığıncaqlarında belə məlumatlar açıqlanır.

Bərdə Rayon İcra Hakimiyyətinin də rəsmi saytı mövcud olsa da, büdcə xərcləri barədə hər hansı bir informasiyaya rast gəlinməyib. Bərdə Maliyyə İdarəsinin isə rəsmi internet resursu mövcud deyil.

Yevlax rayonu üzrə nə yerli dövlət idarəetməsi üzrə xərclərin məbləği və strukturu, nə də yerli icra hakmiyyətinin abadlaşdırma ilə bağlı xərcləmələrinə dair açıq informasiya mənbələrində, o cümlədən Yevlax rayon İH-nin saytında məlumat yoxdur. Bu informasiya rəsmi dövri nəşrlərdə, o cümlədən rayon qəzetində də yayılmır.

Xaçmaz rayonu üzrə nə yerli dövlət idarəetməsi üzrə xərclərin məbləği və strukturu, nə də yerli icra hakmiyyətinin abadlaşdırma ilə bağlı xərcləmələrinə dair açıq informasiya mənbələrində, o cümlədən Xaçmaz rayon İH-nin saytı da daxil olmaqla heç bir açıq rəsmi mənbədə, eləcə də rəsmi dövri nəşrlərdə (rayon qəzeti) informasiya mövcud deyil.

Qiymətləndirmələrin nəticəsi göstərir ki, yerli dövlət idarəetmə orqanlarının faəliyyətinin maliyyələşdirilməsi, eləcə də yerli icra hakimiyyətləri vasitəsilə ərazilərin abadlaşdırılması ilə bağlı xərclər bütün ərazilərdə kifayət qədər qapalı saxlanır və ictimaiyyət üçün əlçatan deyil.

Monitorinqin nəticəsi göstərir ki, bütün rayonlar üzrə dövlət satınalmalarına dair bir sıra məlumatları elektron satınalma vahid internet portalından əldə etmək olur. Bütün rayon və şəhərlərin satınalma elanları və bağlanmış müqavilələr barədə məlumatlar yerləşdirlir. Yalnız icra olunmuş müqavilələrin nəticələrinə dair ətraflı məlumatlar olmur.

Yerli dövlət orqanlarının satınalma fəaliyyətlərilə bağlı məlumatlar onların öz internet resuslarında açıqlanmasa da, vahid dövlət elektrin satınalma portalı belə məlumatların ictimaiyyət üçün açıqlanmasına yardımçı olur. Lakin bu sahədə əsas problem odur ki, yerli dövlət təşkilatlarının hər biri üzrə mal, iş və xidmət alınması məqsədilə nə qədər büdcə vəsaitinin təsdiqləndiyi qapalı saxlandığı üçün elektron satınalma portalında olan müqavilə dəyərinin həmin büdcənin hansı hissəsinin təşkil etdiyini bilmək olmur. İctimai nəzarət üçün ən vacib olan göstərici budur ki, dövlət qurumlarının illik mal, xidmət və iş sifarişlərinin hansı hissəsi cəmiyyət üçün açıq olan satınalma üsulları vasitəsilə reallaşıdırılır.

Bu isə o deməkdir ki, yerli səviyyədə satınalma məlumatlarının açıqlığı yerli büdcə məlumatlarının tam açıqlığı ilə tamamlanmalıdır.

Rayonların (şəhərlərin) səhiyyə sisteminə büdcədən ayrılan xərclərlə bağlı açıq informasiya mənbələrində məlumat tapmaq imkansızdır. Bərdə rayonu üzrə səhiyyə xərclərinin məbləği barədə məlumat əldə etmək mümkün olmayıb. Xaçmaz rayonu yerli statistika orqanın məlumatına görə, 2018-ci ildə inzibati ərazi üzrə səhiyyə xərclərinin məbləği 5175.9 min manat təşkil edib. Lakin bu məlumat əhali üçün daima əlçatan olan açıq informasiya mənbələrində (məsələn, rəsmi internet saytlarında, dövri nəşr olunan qəzetlərdə) mövcud deyil. Rayon statistika orqanının məhdud sayda, xidməti istifadə üçün çap etdiyi illik statistik məcmuədə bu məlumat yayılıb.

Ölkənin bölgələrilə bağlı çoxsaylı və fərqli hökumət poqramları icra edilir. Məsələn, regionların inkişafı, aqrar sektorun müxtəlif sahələri (üzümçülük, pambıqçılıq və s.) üzrə dövlət proqramı, səahiyyə (şəkərli diabet, böyrək çatışmazlığı və s.) üzrə məqsədli büdcə proqramları möcuddur. Lakin monitorinq aparılan inzibati ərazilərin heç birində konkret rayonlar üzrə hökumət proqramlarına sərf olunan maliyyə vəsaitləri, onların mənbəyi (dövlət büdcəsi, cəlb edilmiş kreditlər və s.) barədə heç bir açıq mənbələrdə məlumat yoxdur, hətta rəsmi quqrumlara müraciətlər əsasında belə həmin informasiyaları əldə etmək mümkün deyil.

Yalnız Yevlax Rayon İcra Hakimiyyətinin rəsmi saytında Yevlax şəhərinin içməli su və kanalizasiya sisteminin qurulmasına ilkin olaraq 5 milyon manat vəsait ayrılması barədə informasiya var.

Mingəçecir şəhəri, Bərdə və Yevlax rayonları üzrə təhsil xərclərinin ümumi məbləği və strukturu barədə məlumat əldə etmək mümkün olmayıb.Yalnız Xaçmaz rayonu yerli statistika orqanın məlumatına görə, 2018-ci ildə inzibati ərazi üzrə təhsil xərclərinin məbləği 1120.6 min manat təşkil edib. Lakin xərclərin təhsil pillələri üzrə sturkturuna və iqtisadi təsnifatına dair heç bir informasiya açıqlanmır. Digər tərəfdən isə bu məlumat açıq informasiya mənbələri (məsələn, rəsmi internet saytları, dövri nəşr olunan qəzetlər) vasitəsilə deyil, məhdud sayda və xidməti istifadə üçün çap etdiyi illik statistik məcmuədə yayılıb.

Monitorinq prosesinə cəlb edilən rayonların heç birində əhalinin sosial müdafiəsinə çəkilən xərclərin həcmi, müxtəlif sosial müdafiə tədbirləri üzrə meliorasiya sisteminin saxlanması və inkişafı üçün tələb olunan xərclərin həcmi ilə bağlı məlumatlar əl çatan deyil və monitorinq dövründə bu istiqamətdə hər hansı indormasiya da əldə etmək mümkün olmayıb.

Ölkədə bütün rayon və şəhərlər üzrə özünüməşğulluq proqramına cəlb olunanların sayı barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı vasitəsilə əldə etmək mümkündür. Rayon və şəhərlər üzrə pensiyaçıların sayı və orta aylıq pensiya məbləği, həmçinin ünvanlı sosial yardım alan aiələlərin və onların üzvlərinin sayı barədə Dövlət Statistika Komitəsinin saytı vasitəsilə məlumat əlçatandır. Hər bir rayon və şəhər üzrə ünvanlı dövlət sosial yardım alan benefsiarların adlı siyahıları ilə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı vasitəsilə tanışlıq mümkündür.

İctimai informasiyaların əlçatanlığı ilə bağlı ölkə qanunvericiliyinin təhlili göstərir ki, yerli dövlət qurumları dövlət sirri istisna olmaqla fəaliyyətlərilə bağlı istənilən məlumatı vətəndaşlara təqdim etməyə, bu məlumatları mümkün olduğu qədərə müasir rəqəmsal texnologiyaların imkanlarından istifadə edərək daha asan əldə ediləbilən etməyə məsuliyyət daşıyırlar. Lakin konkret və ölçüləbilən indikatorlar əsasında 4 pilot ərazinin timsalında aparılan qiymətləndirmə göstərir ki, rayon və şəhərlərdə informasiya açıqlığı sahəsində xeyli problemlər, maneələr mövcuddur: “Yerli dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsi, eləcə də bu qurumların xəttilə ərazinin inkişafı üzrə xərcləmələr haqda məlumatlar qapalıdır. Hətta informasiya sorğuları vasitəsilə bu məlumatları əldə etmək mümkün deyil; yerli dövlət qurumlarının dövlət satınalmaları ilə bağlı xərcləmələrinə dair onların öz hesabatlarında və məlumat mənbələrində hər hansı informasiya almaq mümkün olmasa da, mərkəzi hökumərin elektron satınalma saytında həmin məlumatlara çıxış var. Rayon və şəhərlər üzrə büdcə xərclərinin funksional strukturu (təhsil, səhiyyə, kənd təsərrüfatı və meliorasiya, sosial müdafiə və təminat), bu sahələrin xərclərinin həcmi və iqtisadi strukturu üzrə bölgüsü ictimaiyyət üçün əlçatan deyil. Rayon (şəhər) ərazisində dövlət proqramları çərçivəsində ayrılan vəsaitlərin məbləği və xərclərin strukturu barədə məlumatlar qapalıdır. Hətta media və vətəndaş cəmiyyəti sorğular vasitəsilə bu məlumatlara çıxış əldə edə bilmir. Dövlət hakimiyyət orqanlarından fərqli olaraq bələdiyyələrin xərclərinin həcmi və strukturu, gəlirləri barədə məlumatlar ictimaiyyət üçün daha əlçatandır. Saytı olan bələdiyyələr həmin məlumatları elektronlaşdırmaqla yayır, digər hallarda bu məlumatları media və vətəndaş cəmiyyəti sorğular vasitəsilə əldə edə bilir. Yerli informasiya mənbələrində tapılmayan bir çox informasiyaları mərkəzi hakimiyyət strukturlarının internet resursları vasitəsilə əldə etmək daha asandır. Yerli dövlət qurumlarının ya hesabatları ümumiyyətlə yoxdur, ya da ictimaiyyət üçün yetərincə əlçatan deyil. Ən yaxşı halda bəzi İH-ləri öz hesabat yığıncaqları barədə kiçik həcmli informaiya formatında saytlarında yayırlar. Rəsmi rayon qəzetlərində yayılan hesabatlarla tanışlıq isə heç də bütün rayon sakinləri üçün əlverişli deyil. Xüsusilə nəzərə almaq lazımdır ki, həmin qəzetlər çox məhdud tirajla çap edilir. Monitorinqə cəlb olunan 4 rayon və şəhərdən isə yalnız birinin (Yevlax) rəsmi qəzetinin elektron versiyası mövcuddur. Amma hətta bu qəzet də öz elektron resurslarında İH-nin hesabatlarının tam mətnini yaymır”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: