Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
08 Fev 15:23Medeniyyet
Daha bir tanınmış alim Ramiz Mehdiyevi darmadağın etdi – SENSASİON İDDİALAR
’Mehdiyev və onun əhatəsi Azərbaycan elminin qarşısında ciddi bir əngələ çevrilib’’
Respublikaxeber.az Musavat.com-a istinadən xəbər verir ki, daha bir alim Ramiz Mehdiyevin əleyhinə məqalə yazıb və onu istefaya çağırıb.
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun “Beynəlxalq münasibətlər və diaspora tarixi” şöbəsinin müdiri, professor, Əməkdar elm xadimi, Respublika dövlət mükafatı laureatı Tofiq Mustafazadənin redaksiyamıza göndərdiyi yazını olduğu kimi dərc edirik.
**
Açığını deyim, Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının prezidenti seçildikdə mən onun elmi inkişaf etdirə biləcək hansısa islahatlar həyata keçirəcəyinə inanmırdım, çünki onu mühafizəkar bir adam kimi tanıyırdım. Ətrafımdakılara da deyirdim ki, Mehdiyevin bir çox nazirə təsiri olduğundan o, akademiya işçilərinin respublika üzrə orta aylıq səviyyədən xeyli aşağı olan məvaciblərini qaldıra bilər. Lakin təəssüf ki, mənim bu gözləntim də özünü doğrultmadı.
Ədalət naminə qeyd etməliyəm ki, tarixçi baza təhsilinə malik olduğu üçün akademik Ramiz Mehdiyev Azərbaycan tarix elminin aktual mövzularına diqqət ayırmışdır. O, hələ 2014-cü ildə Moskvada “Naqornıy Karabax: istoriya, proçitannaya po istoçnikam” adlı kitab nəşr etdirmişdir. Mehdiyevin 2019-cu ildə nəşr olunmuş “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” adlı kitabını xüsusi qeyd etmək istərdim. Bu kitabın məziyyətləri haqqında müxtəlif yüksək vəzifələri tutan məddahlar KİV-lərdə və Elmlər Akademiyasında keçirilən yüksək toplantılarda kifayət qədər bəhs etdiklərindən mən bunların üzərində dayanmayıb bu dövrlə məşğul olan mütəxxəsislərin əməyini heçə endirməyə yönələn bir sıra məqamlara toxunmaq istərdim:
Əvvəla, müəllif yumşaq desək, xanlıqlar dövrünə həsr olunmuş bütün tədqiqatları “iş görüntüsü yaratmaq naminə ərsəyə gətirilən və mahiyyət etibarilə mənasız kağız sərfiyyatından irəli getməyən, məntiqi əlaqəsi olmayan, müfəssəl, ciddi mənbəşünaslıq bazasına söykənməyən söz yığını” (səh.5) adlandırır. Halbuki, Azərbaycanın şimalında yerləşmiş on xanlıq haqqında kitablar və dissertasiyalar yazılıb. Təkcə Quba xanlığı üzrə H. Abdullayevin iki böyük monoqrafiyası, T. Mustafazadənin kitabı var. İrəvan xanlığı üzrə bir neçə kitab və dissertasiya yazılıb. Onlardan birinə Respublika Prezidenti cənab İlham Əliyev dövlət mükafatı verib. Prezident məgər səhv eləyib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası niyə kağız sərfiyyatı olan dissertasiyaları təsdıq edib? Əgər Ramiz Mehdiyev həmin işlərə baxıb konkret nöqsanlar göstərsəydi biz onları nəzərə alardıq. Yoxsa işlərdən xəbəri olmadan onları belə ucdantutma anafemaya vermək olarmı? Buna yumşaq desək “insafsızlıq”dan başqa ad vermək olmaz.
6-cı səhifədə müəllif yazır: ”Arxivlərlə, yaxud tərcüməsi həyata keçirilməmiş qaynaqlarla işləmək imkanlarının məhdudluğu tarixşünaslarımızı mənbəşünaslardan asılı vəziyyətə salır”. Lakin mən qeyd etməliyəm ki, xanlıqlar dövrünün görkəmli tədqiqatçıları Həsi Abdullayev və Fuad Əliyev ömürlərini Rusiya arxivlərində keçirmişlər. Mən də 1975-ci ildən başlayaraq demək olar ki, hər il müxtəlif Rusiya arxivlərində çalışmışam (sovet dönəmində imkan olduğu üçün çox vaxt ilin 2-3 ayını Moskvada qalmış, oradakı arxivlərdə material toplamaqla məşğul olmuşam). Bunun sayəsində mən Rusiya arxivlərindən XVIII-XIX əsrin əvvəllərinə dair minlərlə sənəd gətirib, müasir rus əlifbasına çevirərək minlərlə səhifədən ibarət 6 cild sənədlər toplusu nəşr etdirmişəm. Bunu görməməzlikdən gələn akademik 6-7-ci səhifələrdə xanlıqlar dövrü üzrə demək olar ki, heç bir arxiv sənədi tapıb çap etdirməyən Şərqşünaslıq, Əlyazmalar İnstitutlarını isə tərifləyir.
Müəllif 11-ci səhifədə Azərbaycan xanlarının hamısının Rusiyapərəst siyasət yürütdüyü iddia edilir. Halbuki, onlar güclü Osmanlı və Rusiya imperiyaları arasında manevr etmə siyasəti yürüdürdülər. İbrahimxəlil xan Rusiyaya məktub göndərməklə yanaşı, həm də İstanbula məktublar göndərmiş, Rusiyanın və gürcülərin dəstəklədiyi Qarabağ məliklərinə onlarla gizli əlaqə saxladıqlarına görə divan tutmuşdu.
Ramiz Mehdiyev 13-cü səhifədə yazır: “Müəyyən vaxtlarda Şəki xanı Hacı Çələbinin (1747-1755) və Quba hakimi Fətəli xanın (1758-1789) Azərbaycan xanlıqlarını birləşdirmək cəhdləri özünü göstərsə də, onların da həmin proseslərdə ardıcıl və qətiyyətli mövqe tutduqlarını birmənalı söyləmək olmaz.”
Yəqin ki, Mehdiyev bilmir ki, qubalı Fətəli xan Azərbaycanın böyük hissəsini birləşdirmişdi və yalnız Rusiyanın hədələrindən sonra Ərdəbildən geri qayıtmışdı. Müəllif özü də elə həmin səhifədə bunu etiraf edir. Qeyd edək ki, Fətəli xan ömrünün sonunadək Azərbaycanı birləşdirmək siyasətindən imtina etməmişdi. Hətta yanında “Abbas Mirzə”adlı bir yalançı şahzadə saxlayaraq onu şah taxtına oturtmaq istəyirdi.
Müəllifin 14-cü səhifədə Fətəli xanın zəhərlənməsində gəncəli Cavad xanın əlinin ola biləcəyi mülahizəsini səsləndirməsi də doğru deyil. Əvvəla, ona görə ki, Fətəli xan Şəmkirçay görüşündə II İraklini bir neçə il əvvəl zəbt etdiyi Şəmşəddil mahalını Cavad xana qaytarmağa razı salmışdı, bu səbəbdən Cavad xan Fətəli xanın öldürülməsində maraqlı ola bilməzdi. Digər tərəfdən, məlumdur ki, 1789-cu ilə kimi Rusiyaya qarşı barışmaz mövqe nümayiş etdirən Ağa Məhəmməd xan Qacar, artıq İranın və Cənubi Azərbaycanın çox hissəsini tabe etmişdi, Rusiya isə ona rəğbətlə yanaşan Fətəli xan Qubalının sağ qalmasında və onun Cənubi Azərbaycana hücum edib burada möhkəmlənsində və ya ən azı Ağa Məhəmməd xanla toqquşmasında maraqlı idi. Bu vaxtda Osmanlı-Rusiya müharibəsi getdiyindən də Rusiya ona loyal münasibətdə olan
Fətəli xanın güclənməsində maraqlı olmalı idi. II İrakli isə yəqin ki, Rusiyadan xəbərsiz Fətəli xanı zəhərləmək işinə girişməzdi.
Akademik kitabının 24-cü səhifəsində İsveç tarixçisi S. Kornellə əsaslanaraq Qarabağda ermənilərin sayının 1832-ci ildə 35 faizə,1880-ci ildə isə 53 faizə yüksəldiyini iddia edir. Kornellin fikrinə tənqidi yanaşılsaydı bu rəqəmlərin şişirtmə olduğu bilinərdi. Əslində, onlar Qarabağ yox, İrəvan əyalətinə aiddir.
25-ci səhifədə Mehdiyev Azərbaycan müəlliflərini mənbələrlə “zəif, passiv iş” aparmaqda ittiham edir və yazır: “Tarixi sənədlərə, arxiv işinə və ilk mənbələrin öyrənilməsinə və tərcüməsinə göstərdiyi etinasız, ikinci dərəcəli münasibət bu gün bizi olduqca çətin vəziyyətə salıb”. Müəllif Kitabın 18-ci səhifəsində xanlıqlar dövrünə aid tədqiqatlardan danışarkən T.Mustafazadənin xanlıqlar dövrünə aid 5 kitabından yalnız 2-nin, C.Mustafayevin 3 kitabından yalnız 1-nin adı çəkdiyindəm digərlərinin mövcudluğundan xəbəri olmadığını nümayiş etdirir. F.Abbasovun adı yanlış olaraq F.Ağayev kimi yazılmışdır. T.Mustafazadənin xanlıqlar dövrünə aid arxiv sənədləri toplularının adları isə heç çəkilmir.
34-cü səhifədə Ramiz Mehdiyev İbrahimxəlil xanı ermənilərin ruslarla gizli əlaqələrini nəzərə almamaqda ittiham edir. Halbuki, İbrahim xan bu əlaqələri üzə çıxararaq Alban katolikosu və bir neçə məliyi həbs edib onların xəyanətini sübuta yetirmişdir. Katolikos həbsdə zəhərlənərək öldürülmüş, məliklər isə qaçmış və 1787-ci ildə Gürcüstana pənah aparmışdılar.
O ki qaldı kitabda nəşr olunan 22 sənədə, bunları tərcüməçi özü tapmayıb, İran Xarici İşlər Nazirliyi sənədlərin nəşri idarəsinin 1994-cü ildə nəşr etdirdiyi 97 sənədlik topludan götürülüb (bax: s.83). Həm də bu sənədlərin bir hissəsi Qafqaz Arxeoqrafiya Komissiyasının materiallarında rusca tərcümələri ilə birlikdə nəşr olunmuşdur.
Topludakı sənədlərin hamısı 1800-cü ildən sonraya, yəni xanlığın Rusiya tərəfindən işğalı dövrünə, üçü isə 1837, 1851 və 1852-ci illərə aiddir. Göründüyü kimi sənədlər xanlıqlar dövrünün sonlarına aiddir və demək xanlıqlar dövrünü öyrənmək üçün bir elə də əhəmiyyətə malik deyillər.
Bir də onu qeyd etməyə bilmərəm ki, kitabın sonunda “Dövrün mühüm şəxsyyətlərinə dair tarixi məlumatlar və qeydlər” bölməsində müəllif Eldar Əmirov bir neçə kobud səhvə yol vermişdir: Məsələn, 199-cu səhifədə Ağa Məhəmməd Qacarın “Cənubi Azərbaycanın Astarabad şəhərində” göz açdığını yazır. Cənubi Azərbaycan hara, Xəzər dənizinin cənub-qərbində yerləşən Astarabad hara? Və ya E.Əmirov 203-cü səhifədə yazır: ”1795-ci ildə Azərbaycana rus qoşunlarının daxil olması xəbəri yayılan kimi Qacar böyük bir ordu ilə onların üzərinə yeriyir”. Bunu hətta orta məktəb şagirdləri də bilir ki, V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü 1796-cı ilin aprelində başlamışdır. Əslində Qacarın yürüşünə qədər Rusiyanın hələ Azərbaycana yürüş təşkil etmək niyyəti yox idi. Çünki bu zaman Rusiya əsas diqqətini inqilabi Fransaya qarşı mübarizəyə, Polşada Tadeuş Kostyuşkonun başçılıq etdiyi üsyanı yatırmağa və Polşanın üçüncü bölüşdürülməsini həyata keçirtməyə yönəltmişdi. Yalnız Qacarın 1795-ci ildə rəsmən Rusiyanın himayəsində olan Tiflisi almasından sonra Rusiya həm sarsılan nüfuzunu bərpa etmək, həm Qacarın regionda möhkəmlənməsinin qarşısını almaq üçün Azərbaycana yürüş təşkil edir. Bəs ayrı müəllifləri buraxdığı səhvlərə gərə top atəşinə tutan akademik həmmüəllifinin kobud xətasına görəsən niyə göz yummuşdur?
Qeyd edək ki, akademik Ramiz Mehdiyevin Azərbaycan xanlıqlarının tarixini öyrənməkdə “xidmətlər”i bununla yetmir. Hələ 2018-ci ildə tanınmış ingilis tarixçisi Maykl Aksvörtinin Nadir şah haqqında yazdığı əsərini Azərbaycan dilinə “tərcümə etdirmiş”dir. Tərcümə çox aşağı səviyyədə yerinə yetirilmiş, çox yerdə fikirlər aydın olmur, qırıq-qırıqdır. Həm də ən başlıcası kompüter tərcüməsi zamanı kitabdakı istinadlar yox olmuş, tərcməçilər isə elmi aparatı heç olmazsa əsərin sonunda əlavə kimi vermək əvəzinə oxucuya “məsləhət görürlər”ki, elmi istinadlarla maraqlanırlarsa kitabın ingilis dilindəki orijinalına müraciət etsinlər. Sual olunur: onda bu çox böyük xətalara malik, yarımçıq tərcümə akademik Ramiz Mehdiyevin özünün dediyi kimi “kağız yığıntısı” kimə lazımdır?
2020-ci ildə isə akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə”tərtibçis”i Nigar Gözəlovanın olduğu “Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər (Erməni icmasının timsalında)” adlı sənədlər toplusu nəşr olunmuşdur. Sənədlər İrəvandakı Mətndarandanın arxivlərində saxlanlır. Onların oradan götürüldüyünə işarə var. Buna görə də Gözəlova həmin sənədləri arxivdən götürə bilməzdi və deməli, hansısa sənədlər toplusundan götürüb. Belə halda onun özünü tərtibçi adlandırması nə dərəcədə doğrudur? Həm də nə erməni, nə də fars dilini bilmədiyi halda orada necə çalışmışdır? Toplu müəllifi və akademik Ramiz Mehdiyev XIX əsrə kimi ermənilərin Azərbaycan ərazisində yığcam şəkildə yaşamasını təsdiqləməyən Azərbaycan tarixçilərini qınayaraq yazırlar ki, bu dövrə qədər ermənilər Azərbaycan ərazisində kiçik icmalar şəklində yaşamışlar. Vətən müharibəsi ərəfəsində bu cür ”obyektiv” mövqe düşmənin dəyirmanına su tökmək deyildimi? Yeri gəlmişkən Ramiz Mehdiyev və onun ətrafındakı bəzi şəxslərin xanlıqlar dövrünə”qayğıları bir də onda təzahür edir ki, onlar plagiatla məşğul olmağı özünə ar bilməyən, yorulmadan İnstitut və AMEA rəhbərliyinə İnstitutun aparıcı işçiləri haqqında böhtan dolu ərizələr yazan Gözəlovaya dəstək nümayiş etdirərək onu daha da həvəsləndirirlər.
Mən, bu günədək subordinasiyanı gözləyib Akademiya rəhbərliyinin nüfuzuna xələl gəlməsin deyə susurdum. Mən də düşünürəm ki, bu gün Mehdiyev və onun əhatəsi Azərbaycan elminin qarşısında ciddi bir əngələ çevrilmişdir. Elmlər Akademiyasının rəhbərliyinə daha cavan və enerjili bir şəxs gətirilməlidir. Yeni rəhbərlik kosmetik deyil, əsaslı islahatlar keçirməlidir ki, Elmlər Akademiyası müasir çağırışlara cavab verə biləcək modern bir quruma çevrilsin. Yeri gəlmişkən onu da qeyd edim ki, Respublikadakı bir çox qurumların 70,80,90 illik yubileyləri qeyd olunduğu halda, Milli Elmlər Akademiyasının 75 illiyi qeyd olunmadı. Bu tədbir keçirilsəydi yəqin ki, müəyyən qədər Akademiyanın nüfuzunun artmasına səbəb olar,fərqlənən əməkdaşlar orden və medallala, elmi adlarla təltif olunar, qocaman işçilərə isə çox ehtiyac duyduqları fərdi Prezident təqaüdü təyin olunardı
İslahatlarla yanaşı AMEA-ya müxbir və həqiqi üzvlərin seçilməsi qaydasında da dəyişiklik edilməlidir. Seçkilər şəffaf keçirilmir, namizədlərin nə qədər səs topladığı elan olunmur. 250 işçinin çalışdığı Tarix institutunda cəmi bir akademikin olması, müxbir üzvün isə heç olmaması dözülməz haldır. Həm də niyə görə elmlər doktorluğuna görə verilən vəsait AMEA-nın müxbir və həqiqi üzvlüyünə görə vəsaitdən az qala 15-20 dəfə az olmalıdır. Bir də niyə görə AMEA-nın yerlərdəki bölmələri üçün AMEA-nın müxbir üzvü və həqiqi üzvlüyü ilə bağlı kvotalar verildiyi halda, AMEA-nın baş institutlarına kvotalar ayrılmır?
Tofiq Mustafazadə
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun “Beynəlxalq münasibətlər və diaspora tarixi” şöbəsinin müdiri,
t.e.d., prof., Əməkdar elm xadimi, Respublika dövlət mükafatı laureatı.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi