Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

12 İyl 12:49Siyaset, Olke

İlham Əliyevin uğurlu diplomatiyası təkcə Azərbaycanın deyil, ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların da mövqelərinin möhkəmlənməsinə xidmət edir

İlham Əliyevin uğurlu diplomatiyası təkcə Azərbaycanın deyil, ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların da mövqelərinin möhkəmlənməsinə xidmət edir

BMT Baş Assambleyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci xüsusi sessiyası iyulun 10-da işə başlayıb. Videokonfrans formatında keçirilən xüsusi sessiyanın başlanğıcında prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə milli qisimdə çıxışların dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır. Sessiyanın pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcəyinə inam böyükdür. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsü BMT Baş Assambleyasının Prosedur Qaydalarına uyğun olaraq tələb olunandan da əhəmiyyətli dərəcədə çox, demək olar bütün regionları təmsil edən üzv dövlətlərin və siyasi qrupların əksəriyyəti tərəfindən dəstəklənib.
Hazırda dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınan Azərbaycan Respublikası koronavirus pandemiyasına qarşı mübarizədə mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının “COVID-19 pandemiyasına qarşı mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda yüksək səviyyəli fövqəladə zirvə görüşünün təşkili və 2020-ci ilin may ayının 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun pandemiyaya cavab olaraq “COVID-19 pandemiyasına qarşı birgə fəaliyyət” mövzusunda yüksək səviyyəli onlayn-müşavirənin keçirilməsi, ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə ianə verməsi, eləcə də 30-dan çox ölkəyə humanitar yardım göstərməsi beynəlxalq müstəvidə böyük rəğbətlə qarşılanır və bu rəğbət kütləvi informasiya vasitələrində dərc olunan şərh və məqalələrdə öz əksini tapmışdır. Macarıstan, İndoneziya, Vyetnam, Özbəkistan, Türkmənistan, Gürcüstan, Türkiyə, Rusiya, Belarus, Venesuela, Argentina, Banqladeş, Komboca, İran, Hindistan və digər ölkələrin KİV-i Prezident İlham Əliyevin təşəbbüsünün bütövlükdə pandemiyaya qarşı aparılan mübarizədə beynəlxalq həmrəyliyə, əməkdaşlığa əvəzsiz töhfə olduğunu qeyd etdilər. Avropa İttifaqının "Euractive” portalı cənab İlham Əliyevin görüşdəki nitqinə xüsusi diqqət yetirdi. Portal dərc etdiyi məqalədə Azərbaycanın pandemiya ilə əlaqədar həyata keçirdiyi tədbirlərə geniş yer ayırdı. Malayziyanın populyar qəzetlərində dərc olunan materiallarda da Azərbaycan Prezidentinin təklifinə böyük rəğbət ifadə olundu. Materiallarda ölkənin Baş naziri Muhyiddin Yassinin iştirak etdiyi videogörüşdən təəssüratları, münasibəti təqdim edildi. O, pandemiyaya qarşı mübarizədə birgə səyləri təşviq edən Azərbaycan Prezidentinin təşəbbüsünün təqdirəlayiq olduğunu vurğuladı. İtaliyanın "Notizil Geopoliteche” onlayn qəzeti yazdı ki, koronavirusla mübarizədə Azərbaycanın öyrənilməli təcrübəsi var.
Bir məsələni də xüsusi qeyd etməyə dəyər. Əslində cənab İlham Əliyev də çox yaxşı bilirdi ki, BMT Baş Assambleyası nadir hallarda xüsusi sessiyalar keçirir. Yalnız üzv dövlətlərin yarıdan çoxu razılıq verdiyi halda bu mümkündür. Amma məsələnin vacibliyi, qlobal əhəmiyyət daşıması, bəşəriyyətin taleyi və beynəlxalq aləmdə şəxsi nüfuzu onu belə bir addım atmağa cəsarətləndirdi. Bu cəsarət özünü doğrultdu. Azərbaycan vətəndaşları üçün çox böyük qürurdur ki, təklif BMT-nin üzvü olan 130 dövlət tərəfindən dəstəkləndi. Bu təklifin qısa müddətdə bu qədər dəstək görməsinin bir səbəbi də təbii ki, ölkə başçısının beynəlxalq nüfuzu və hörmətidir. Bu hər kəs tərəfindən qəbul olunan reallıqdır ki, Azərbaycan Prezidentinin reytinqi dünyada ən yüksək səviyyədədir. Beləliklə əminliklə deyə bilərik ki, Azərbaycan prezidentinin qlobal liderliyi dünyada qəbul edilir və qeyd-şərtsiz dəstəklənir.
Aydın göründüyü kimi, son illərdə Azərbaycan irimiqyaslı iqtisadi layihələrin, qlobal problemlərin həllinə dair təşəbbüslərin müəllifi kimi dünyanın diqqət mərkəzində və gündəmindədir. Təbii ki, hər bir azərbaycanlının fəxr edə biləcəyi mövqeyin, uğurun memarı, müəllifi və rəhbəri cənab İlham Əliyevdir. Onun sayəsində Azərbaycan dünya səviyyəsində hörmət qazanmış, imic və söz sahibinə çevrilmişdir. Azərbaycan və onun Prezidenti bütün dünya dövlətlərinə və beynəlxalq təşkilatlara koronavirusla mübarizə dönəmində sübut edə bildi ki, hətta sərhədlərin bağlı olması belə dünya dövlətlər arasında münasibətlərin inkişafına mane ola bilməz və olmamalıdır.
Azərbaycanın müstəqil, öz milli maraqlarını təmin edən siyasət yürütməsi respublikamızı beynəlxalq nüfuz baxımından xarakterizə edən ən əsas keyfiyyətlərdən biridir. Ən mühümü odur ki, ölkəmiz dünyanı düşündürən aktual, qlobal narahatlıq doğuran bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyur. Azərbaycan Prezidentinin uğurlu siyasətinin nəticəsidir ki, dünya ictimaiyyəti enerji təhlükəsizliyi, regional iqtisadi əməkdaşlıq, beynəlxalq terrorçuluqla mübarizə və digər bu kimi məsələlərdə Azərbaycanın mövqeyini bölüşür. Respublikamız Cənubi Qafqaz regionunda sabitləşdirici rol oynayan dövlət, Avropa ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi və enerji layihələrinin təşəbbüsçüsü və təşkilatçısı kimi çox böyük nüfuz, etibar qazanıb. Eyni zamanda bu siyasət müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya verərək özünü uğurla doğruldur. Rəsmi Bakı daim dəyişən beynəlxalq mühitə uyğun çevik siyasi kursla yanaşı, müstəqilliyin və suverenliyin gücləndirilməsi, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət yürüdür. Bu mənada son illər sülh danışıqları prosesində Ermənistanın çıxılmaz vəziyyətə salınması, beynəlxalq təşkilatlarda ərazilərimizin işğalını pisləyən sənədlərin qəbul edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi, respublikamızın diplomatik sahədə böyük uğurlarıdır.
BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı ölkə başçısı 06 iyun tarixində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı zamanı fikrini bildirmişdir: “Biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər”. Çıxışı zamanı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına ianə ayırması və fərdi qaydada ölkələrə yardım edilməsi ilə bağlı da danışan ölkə başçısı demişdir: “...Biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik. Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik. Hesab edirəm ki, buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib”.
Doğrudan da, ölkə başçısının da vurğuladığı kimi, pandemiya dövründə Azərbaycanın mövqeləri daha da möhkəmləndi. Bunun mərkəzində isə Prezident İlham Əliyevin təşəbbüskarlığı, şəxsi keyfiyyətləri, qətiyyəti və humanizm prinsiplərini ən ali dəyər kimi qəbul və tətbiq etməsi durur. Daha dərin müşahidələr göstərir ki, böyük siyasətçi İlham Əliyevin uğurlu diplomatiyası təkcə Azərbaycanın deyil, BMT-nin, ölkəmizin üzv olduğu bütün beynəlxalq təşkilatların da mövqelərinin möhkəmlənməsinə xidmət edir. Biz öz prezidentimizlə fəxr edirik və bundan sonra da onun siyasətinə sadiq qalacağımıza söz veririk.
Aqiyə Naxçıvanlı,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: